Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
1918-ci ilin mart ayının 1-də Müsəlman korpusunun tərkibində açılan Milli Hərbiyyə Məktəbi Gəncədə yerləşdirildi. 1918-ci ilin oktyabr ayının 27-də Milli
Hərbiyyə Məktəbinin Gəncədə ilk buraxılışı həyata keçirildi. Azərbaycan Xalq
Cümhuriyyətinin hərbi nazirinin 1 dekabr 1918-ci il tarixli əmri ilə Gəncədə
yerləşən Milli Hərbiyyə Məktəbi Gəncə Praporşiklər Məktəbi adlandırıldı. 1919-cu
ilin sentyabr ayının 6-da Praporşiklər məktəbi Bakı şəhərinə köçürüldü və burada
yerləşən əsgər xəstəxanasının binasına yerləşdirildi.1919-cu ilin oktyabr
ayının 31-də Hərbi nazir Səməd bəy Mehmandarovun əmri ilə Praporşiklər məktəbi
Hərbiyyə məktəbinə çevrildi.
1920-ci ilin may ayının 25-də sovet hakimiyyəti dövründə Hərbiyyə Məktəbinin
bazasında Azərbaycan Birləşmiş Hərbiyyə Məktəbi yaradıldı.
1922-ci ilin sonlarında Birləşmiş Hərbiyyə Məktəbi 15 nömrəli binaya köçürüldü.
1923-cü ilin avqustunda məktəb Azərbaycan Birləşmiş Hərbi Məktəbi
adlandırıldı.
1927-ci ilin sentyabr ayının sonlarında Azərbaycan Birləşmiş Hərbi Məktəbinin
bağlandığı elan edildi. Məktəbdə təhsil alan kursantların və müəllimlərin bir
hissəsi Tiflisdə yerləşən Zaqafqaziya Piyada Məktəbinə göndərildi, onun tədris
bazası isə yerləşdiyi binada (indiki 132 nömrəli məktəbin binasında) qaldı.
1928-ci ildə Bakıda fəaliyyət göstərən Zaqafqaziya Hərbi Hazırlıq Məktəbi həmin
binaya köçürüldü və bu məktəb Birləşmiş Hərbi Məktəbin bazasında öz
fəaliyyətini davam etdirdi.
1930-cu ilin noyabr ayında Zaqafqaziya Hərbi Hazırlıq Məktəbi yenidən qurularaq
Fəhlə-Kəndli Qırmızı Ordunun komandir heyətinin S.Orconikidze adına Bakı Piyada
Məktəbi adlandırıldı.1933-cü ildə Bakı Piyada Məktəbi Salyan kazarmaları
şəhərciyində xüsusi olaraq bu məqsədlə tikilmiş binalara köçürüldü.1937-ci ildə
Bakı Piyada məktəbi yenidən qurularaq S.Orconikidze adına Bakı Piyada Məktəbi
adlandırıldı.1942-ci ilin avqustunda Qafqaz istiqamətində hərbi şərait
mürəkkəbləşəndə Bakı Piyada Məktəbinin şəxsi heyətinin bazasında 164-cü atıcı
briqada yaradılaraq cəbhəyə göndərildi. Məktəbdə tədris prosesi iki ay
dayandırıldı.1942-ci ilin oktyabrında Qroznı Piyada Məktəbinin kursantlarının
az bir hissəsi Bakıya gətirilərək iki ay müddətində burada təhsil alıblar.İki
dəfə Sovet İttifaqı Qəhramanı general-mayor Həzi Aslanov, Sovet İttifaqı
Qəhramanı polkovnik Aslan Vəzirov, general-mayor Akim Abbasov, Sovet İttifaqı
Qəhrəmanı Ziya Bünyadov onlarca digər hərbçilər Bakı Piyada Məktəbinin
məzunlarıdır.
1958-ci ildə Bakı Piyada Məktəbi Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinə
çevrildivə bu statusda öz fəaliyyətini SSRİ dövründə davam etdirdi.Azərbaycanın
müstəqilliyi illərində bu məktəbin adı dəyişdirilməklə 1992-ci ilin aprelində
Bakı Ali Birləşmiş Komandanlıq Məktəbi, 2001-ci ildə isə Azərbaycan Ali Hərbi
Məktəbi adlandırılıb.
10 mart 2004-cü ildə Azərbaycanın Respublikası Prezidentinin Fərmanı ilə
məktəbə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verildi.
Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli Sərəncamı
ilə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi və Azərbaycan Ali Hərbi
Dənizçilik Məktəbi quru qoşunları, hərbi hava qüvvələri, hava hücumundan
müdafiə və hərbi dəniz qüvvələri fakültələri yaradılmaqla Heydər Əliyev adına
Azərbaycan Ali Hərbi Məktəbinə qoşuldu.
Hazırda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin 4 fakültəsinin 21
kafedrasında 23 hərbi ixtisas üzrə zabitlər hazırlanır.Məktəbin məzunlarına
təhsil aldıqları ixtisaslara uyğun «bakalavr» diplomu və «leytenant» hərbi
rütbəsi verilir.